16 noyabr 2024-cü il tarixində Bakı şəhərində COP29 tədbir məkanında yerləşən Tacikistan Respublikasının milli pavilyonunda Tacikistanın Azərbaycandakı Səfirliyi tərəfindən dövlət bayramlarına - Tacikistan Ali Sovetinin 16-cı sessiyasının 32-ci ildönümü, Tacikistan Respublikası Konstitusiyasının qəbulunun 30-cu ildönümü və Prezident Günü - həsr olunmuş təntənəli yığıncaq təşkil edilmişdir.
COP29 çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri, bir sıra nazirlik və idarə rəhbərləri, eləcə də Səfirliyin əməkdaşları və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tacik tələbələri təntənəli yığıncaqda iştirak etmişlər.
Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Məhmədtoir Zokirzoda, Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahadur Şeralizoda, Tacikistan Respublikasının energetika və su ehtiyatları nazirinin birinci müavini Camşed Şoimzoda və Tacikistanın Azərbaycandakı Səfiri İlxom Abduraxmon çıxışları zamanı ölkə ərazisində konstitusiya quruluşunun bərpa olunmasında Tacikistan Ali Sovetinin 16-cı sessiyasının, Tacikistan Respublikası Konstitusiyasının və Tacikistan Respublikası Prezidentinin şəxsi töhfəsinin tarixi əhəmiyyətini vurğulamışlar.
Tacikistanda dövlət quruluşunun dirçəldilməsi prosesində, sülhün və sabitliyin bərqərar olunmasında, ölkənin inkişafında və çiçəklənməsində Sülh və Milli Birliyin Banisi - Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti, möhtərəm Emoməli Rəhmonun müstəsna rolu və böyük töhfəsi qeyd edilmişdir.




