Su naminə dünyanı birləşdirərək: 25–28 may 2026-cı il tarixlərində Düşənbə şəhəri “Dayanıqlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair Dördüncü Yüksək Səviyyəli Konfransa ev sahibliyi edəcək

06.01.2026 18:39

Tacikistan Respublikası Hökuməti Birləşmiş Millətlər Təşkilatı və əsas beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində “Dayanıqlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair Dördüncü Yüksək Səviyyəli Konfrans 25–28 may 2026-cı il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçiriləcəyini bildirməkdən şərəf duyur.

Beynəlxalq Onillik Fəaliyyətin təşəbbüskarı və BMT-nin 2023-cü il Su Konfransının həmsədri kimi Tacikistan beynəlxalq arenada su gündəliyinin irəlilədilməsi istiqamətində ardıcıl səylərini davam etdirir. Düşənbə Su Prosesi çərçivəsində keçirilmiş əvvəlki konfransların (2018, 2022, 2024) nailiyyətlərinə əsaslanan 2026-cı il Konfransı BMT-nin 2026-cı il Su Konfransına aparan yolda mühüm hazırlıq mərhələsi olacaq, Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cı məqsədinə, eləcə də su ehtiyatları sahəsində beynəlxalq səviyyədə razılaşdırılmış digər hədəflərə nail olunmasında irəliləyişin sürətləndirilməsinə töhfə verəcəkdir.

Düşənbədə keçiriləcək Dördüncü Beynəlxalq Yüksək Səviyyəli Konfrans dövlət və hökumət başçılarını, nazirləri, BMT qurumlarını, beynəlxalq və regional təşkilatları, maliyyə institutlarını, elmi dairələri, vətəndaş cəmiyyətinin, gənclərin, yerli xalqların və özəl sektorun nümayəndələrini bir araya gətirərək öhdəliklərin təşviqinə və transformativ həllərin nümayişinə xidmət edəcəkdir. Müzakirələr BMT-nin 2023-cü il Su Konfransı nəticəsində formalaşmış dinamikanın qorunub saxlanması və daha da inkişaf etdirilməsi, Su üzrə Fəaliyyət Gündəliyinin icrasına dəstək verilməsi, eləcə də Tacikistanda keçiriləcək BMT-nin 2028-ci il Su Konfransı ərəfəsində dialoqların təşəbbüs edilməsi məqsədinə xidmət edəcəkdir.

İştirakçılar yüksək səviyyəli plenar iclaslarda, BMT-nin 2026-cı il Su Konfransının İnteraktiv Dialoqlarının mövzularına uyğunlaşdırılmış doqquz tematik sessiyada, konfransöncəsi forumlarda, paralel tədbirlərdə, eləcə də beynəlxalq sərgidə iştirak edəcəklər.

Proqrama həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) tərəfindən təşkil olunacaq regional hazırlıq iclası da daxil ediləcəkdir ki, bu da Asiya və Sakit Okean regionu ölkələri üçün mövqelərini əlaqələndirmək və BMT-nin 2026-cı il Su Konfransına kollektiv töhfələrinin artırılmasına imkan yaradacaqdır.

Düşənbə Konfransı iştirakçılar üçün xüsusi ekskursiyalarda iştirak etmək imkanı da təqdim edəcəkdir. Bu ekskursiyalar sayəsində ziyarətçilər Tacikistanın qədim sivilizasiyaları və İpək Yolu irsini əks etdirən zəngin mədəni və tarixi irsi ilə tanış olmaq, həmçinin dayanıqlı su infrastrukturu və hidroenergetika da daxil olmaqla su ehtiyatlarının idarə olunması sahəsində Tacikistanın təcrübəsini birbaşa müşahidə etmək imkanı əldə edəcəklər.

Konfransın əsas nəticələri Yekun Bəyannamədə, Həmsədrlərin Xülasəsində və BMT-nin 2026-cı il Su Konfransına rəsmi töhfə sənədində öz əksini tapacaqdır.

“Dayanıqlı İnkişaf üçün Su, 2018–2028” Beynəlxalq Onillik Fəaliyyətə dair Dördüncü Konfrans qlobal miqyasda tərəfdaşlıqların möhkəmləndirilməsi, innovasiyaların təşviqi, maliyyələşmənin səfərbər edilməsi və su ehtiyatlarının dayanıqlı, inklüziv və iqlim dəyişikliklərinə davamlı inkişafı naminə konkret tədbirlərin sürətləndirilməsi üçün mühüm beynəlxalq platforma olacaqdır.

Qeydiyyat, proqramın təfərrüatları və logistika məsələləri ilə bağlı əlavə məlumat aşağıdakı internet ünvanında yerləşdiriləcəkdir: https://conf2026.dushanbewaterprocess.org/

Biz dünya ictimaiyyətini 2026-cı ilin may ayında Düşənbədə salamlamaq fürsətini səbirsizliklə gözləyirik.

Галерея

Calendar

  • business-portal_thumb.jpg